Azər Həsrət Nazarbayevin qonağı olacaq

O, Qazaxıstan prezidentinin qızından dəvət alıb

“Yeddi dövlət – bir millət” Kültür və Dayanışma Dərnəyinin türk cümhuriyyətləri baş təmsilçisi və CASCFEN sədri Azər Həsrət bu il aprelin 27-28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək IX Avrasiya Media Forumuna dəvət edilib.

A.Həsrət dəvəti forumun təşkilat komitəsinin rəhbəri, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın adından alıb. Bildirilir ki, hər ilin aprelində keçiriləcək toplantıda əsasən Qazaxıstanın ATƏT-ə sədrliyi və bunun faydaları, İranın siyasi mədəniyyəti və onun Yaxın Şərqdəki rolu, media qanunvericiliyi və azadlığı, KİV-in “qorxu” yayma hallarının genişlənməsi, sosial şəbəkələrin inkişafı və vətəndaş jurnalistikası, siyasi etika və imic məsələləri kimi mövzular müzakirə mövzusu olacaq. “Biz sizin şəxsən iştirakınıza ümid etməklə sizi IX Avrasiya Media Forumunda salamlamaqdan səmimi şəkildə məmnun olardıq” – deyə dəvətdə qeyd edilir.

Bir qayda olaraq dünyanın 60-dan çox ölkəsinin öndə gələn 500-dən artıq siyasət və media nümayəndəsinin qatıldığı forumda dövlət və hökumət rəhbərləri, media maqnatları, iş adamları və ictimai fəallar iştirak edir. Dəvətdə qeyd edildiyinə görə, builki tədbirdə də yüksək təmsilçilik gözlənilir.

Əlavə edək ki, A.Həsrət D.Nazarbayevanın dəvətlisi olaraq Avrasiya Media Forumunun 2003-2004-cü illərdə təşkil edilən II və III toplantılarına əsas məruzəçilərdən biri kimi qatılıb. Bu təcrübənin faydalı olduğunu vurğulayan baş təmsilçi növbəti toplantıya da böyük məmnuniyyətlə qatılmaq fikrində olduğunu bildirib.

Elşad

Qaynaq: Yeni Müsavat

Oxunma sayı: 4709
Share