Dilimə dil uzadanlar…

Yenə də başlayıblar. İddia edirlər ki, Azərbaycanda hətta dövlət səviyyəsində rus dilinə qarşı hörmətsizlik edilirmiş. Sən demə işğalçı Rusiyadan canımızı qurtarsaq da onun burada tökülüb qalan atıntılarından hələ də yaxa qurtara bilməmişik. Bir ağızdan səs-səsə verib iddia edirlər ki, rus dili dövlət dilimizdən – yəni Azərbaycan dilindən heç də aşağı statusda olmamalıymış. Hətta başqa ölkələrdən misallar da çəkirlər. Deyirlər ki, Kanadada ingilis dili ilə bərabər fransız dili də eyni hörmətə malikmiş və ona dövlət səviyyəsində hörmət edilirmiş…

Bu adamlar nə istəyir? Ümumiyyətlə bunlar kimdir axı? Niyə Azərbaycan boyda gəmidə oturub gəmiçi ilə dava edirlər? Məqsədləri nədir? Rusbaşlı olmaları, ruslara ürəkdən bağlı olmaları, yoxsa ümumiyyətlə manqurt və kölə xislətləri? Uzatmadan demək olar ki, səs-səsə verənlər arasında bunların hamısından var. Əlbəttə ki, təəssüflər olsun.

…Rus dili bir zamanlar Azərbaycana işğalçı bir dövlətin – Rusiya imperiyasının dili kimi işğala gəlib. Əsasən 19-cu yüzilin birinci yarısında Güney Qafqaza doğru artan rus işğalları bərabərində bu dili və onun daşıyıcısı olaraq həm rusları, həm də imperiyanın başqa torpaqlarındakı bu dilin başqa millətlərdən olan daşıyıcılarını gətirib. Rus-iran, rus-türk savaşları nəticəsində Güney Qafqazda, o cümlədən də Azərbaycan torpaqlarında möhkəmlənən ruslar buradakı mədəniyyəti ayaqlar altına atıb yerli insanlar arasında yad rus mədəniyyətini möhkəmləndirməklə imperiya siyasətini həyata keçiriblər. Bu siyasət qırmızı şər imperiyası – sovetlər dönəmində də davam edib. Yəni tarix-nadir açmadan deyək ki, məqsəd işğalçılıq və imperiyanı yeni torpaqlarda möhkəmləndirmək idi. Bunun üçün işğal edilən torpaqlardakı yerli xalqları – o cümlədən də Azərbaycan Türklərini öz köklərindən qoparıb ruslaşdırmaq lazım idi. Uzun müddətli bir siyasətin başlanğıcı idi bu. İddia edilirdi ki, rus dili bərabərində daha üstün olan rus mədəniyyətini gətirəcək. Rus dili vasitəsilə insanlarımız yeni elmlərə sahib olacaqlar və sən demə bu dil olmasa millətimiz batacaqmış. Təəccüblü heç nə yoxdur. İmperiya hansısa formada öz işğallarına haqq qazandırmalı idi. Ancaq əslində təəccüblü olan bir şey var. Bu da ruslardan çox rus olmağa can atan sapı özümüzdən olan baltaların çoxluğudur. Aman Tanrım, bir millətin bir hissəsi özündən necə də aralı düşüb? İnsanlarımızın bir qismi (nə yaxşı ki, onların sayı olduqca azdır) ruspərəstlikdə rusların özünü belə kölgədə qoyur. Və iddia edirlər ki, Azərbaycan dövləti və xalqı rus dilinə xüsusi hörmətlə yanaşmalı, onun dövlət səviyyəsində qəbuluna və işlənməsinə şərait yaratmalıymış. Belə yerdə deyərlər ki, ustadına bərəkallah!

Azərbaycan müstəqil bir dövlətdir. Bu dövlət istənilən məsələdə öz müstəqil siyasətini yürütmə haqqına sahibdir. Kimsənin, o cümlədən də özünə supergüc deyən hər hansı başqa bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur. Elə Rusiyanın da. Və əlbəttə ki, Rusiyanın hələ Azərbaycanda qalmaqda olan kölələrinin də belə bir haqqının olmadığı göz önündədir…

Ancaq adamlar başlarından böyük iddialarından əl çəkmirlər ki, çəkmirlər. Mərkəzi Seçki Komissiyası yanında bir mətbuat qrupu yaradılıb və ora daxil edilən KİV-lərin hamısı Azərbaycandillidir. Rusdilli KİV-i təmsil edənlər səs-səsə verib iddia edirlər ki, sən demə MSK rus dilinə qarşı hörmətsizlik edir və hətta qanunu pozur. Bu adamların iddiasına görə, rus dili də az qala Azərbaycan dili ilə eyni statusda bir şeymiş. Hətta bunun üçün Konstitusiyadan, qanunlardan sitat gətirirlər. Əlbəttə ki, özlərinə sərf edən formada.

Bizim qanunlarımıza (xüsusən də Konstitusiyamıza) görə, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu o deməkdir ki, bütün səviyyələrdən olan dövlət qurumlarında yazışmalar, sənədləşdirmə və informasiya fəaliyyətləri bu dildə aparılmalıdır. Yəni hər hansı bir kürsüdə oturan məmur bu dildən başqa dildə daxil olan sənədlərə baxmadan onların tələblərini icra etməmə haqqına sahibdir. Bu məsələ birmənalıdır və Azərbaycanda başqa bir dilin dövlət dili ilə eyni səviyyədə tutulması heç ağla belə gətirilə bilməz. Digər tərəfdən isə qanunlarımız başqa dillərin də işlənməsinə dözümlü yanaşmanı təbliğ edir, həmin dillərin öyrənilməsini zəruri sayır. Yəni başqa dillərin daşıyıcıları Azərbaycanda gözümçıxdıya salınmır, onlara sərbəst şəkildə sevdikləri dillərdə danışmağa, yazmağa izn verilir. Hətta onların bu dili təbliğ etmələrinə də kimsə əngəl olmur…

…Ancaq iddia edirlər ki, MSK mətbuat qrupu yaradanda orada rusdilli KİV də təmsil olunmalıymış. Niyə, nə üçün? Sən demə bu dildə çıxan KİV-lər Azərbaycanı dünyaya tanıdırmış! Sən demə rus dili olmasa dünyanın bizdən xəbəri olmayacaqmış! İddialarından belə çıxır ki, Afrika cəngəlliklərindəki qəbilələrdən tutmuş Avropanın, Amerikanın ta göbəyində oturan yekə-yekə adamlara kimi bizim varlığımızdan rus dili vasitəsilə xəbər tuturmuş!

İndi gəl də bunlara demə ki, Azərbaycanda qeyri-dövlət dili təkcə rusca deyil! Ruscadan başqa bu ölkədə həm əhalisinin sayına, həm də bu ölkədə mövcudluq müddətinə görə daha artıq haqqı olan dillər var. Bəlkə MSK həm rus, həm də həmin o etnik qrup və ya milli azlıqların dillərini də nəzərə almalıymış!? Belə yerdə deyirlər ki, deyəsən bunların ağızlarından çıxanı qulaqları duymur. Bu adamlar hələ də anlamaq istəmirlər ki, Azərbaycanın dövlət dili Konstitusiyada yazıldığı kimi Azərbaycan dilidir və hər bir vətəndaşımız bu dili bilməyə borcludur! Üstəlik Azərbaycan dövləti hesab edir ki, ölkədə hər kəs dövlət dilini bilir. O cümlədən rusbaşlılar da! Bu isə o deməkdir ki, MSK poliglot qrupu deyil, mətbuat qrupu yaradıb və həmin qrup yaradılanda ölkə əhalisinin hamısının bildiyi və bilməli olduğu dilə qanuni şəkildə üstünlük verilib. Yalnız bu qədər! Heç bir qanun pozuntusu yox, heç bir başqa dilə qarşı sayğısızlıq da yox. Üstəlik, nə MSK üzvləri, nə də ki, mətbuat qrupunda təmsil olunanlar rus dilini bilməyə borclu deyillər. Elə olan halda onlardan necə tələb etmək olar ki, rus dilli mətbuatı da nəzərə alsınlar? Bu nə qanuna, nə də məntiqə sığacaq bir şeydir! Əgər kimlərsə hələ də imperiya qalıqlarına xidmətdə bulunmaq istəyirsə, yol açıqdır, buyurub Rusiyaya gedə bilərlər! Gedin, sevdiyiniz “vətəninizə” orda xidmət edin və orda rusca danışmayanlarla mücadilə edin!

Bir də, əgər siz gerçəkdən kiməsə qarşı ayrıseçkiliyin əleyhinəsinizsə, onda niyə Rusiyanın öz ərazisindəki qeyri-ruslara qarşı ayrıseçkiliyinə etiraz etmirsiniz? Rusiyada rus dilindən başqa hansı dil ümumrusiya səviyyəsində dövlət dili kimi qəbul edilir? Ümumiyyətlə, tarixdə belə bir şey olubmu ki, ruslar öz dövlətlərində rus dilini deyil, hansısa başqa dili dövlət statusuna mindirsin? (Yeri gəlmişkən, Rusiya xüsusi qanun qəbul edərək öz ərazisindəki qeyri-rusların da əlifba olaraq yalnız Kirildən istifadəsini məcburi qüvvəyə mindirib.) Hə, bir də yadımızda ikən, bizə Kanadada fransız dilinə hörməti nümunə göstərənlərə demək istərdik ki, fransızca bu ölkədəki iki dövlət dilindən biridir. Digəri də ingilis dilidir. Üstəlik, fransızlar da Kanadada ruslar Azərbaycanda olduğu kimi milli azlıq deyil, onların sayı ölkə əhalisinin demək olar ki, yarısını təşkil edir. Elə ingilislərlə eyni sayda olarlar. Azərbaycandakı Rusların sayı isə təxminən 150 min nəfər ola, ya olmaya. Özü də ki, doqquz milyonluq xalqın içində. İndi bunların dilinə hansısa üstün status verilməlidir, yoxsa yox? Əlbəttə ki, yox! Elə olsaydı onda digər milli azlıqlar və etnik qrupların da dillərinə xüsusi üstün dil statusu vermək lazım gələrdi.

Azər Həsrət

Dərc edilib: Şərq qəzeti, 12 sentyabr 2008

Oxunma sayı: 5531