Şəhidlik daha yüksək zirvədir!

Şəhid kəlməsi İslam dini ilə bağlı hesab edilir və Azərbaycanda ona ikinci nəfəs Sovet İttifaqı dağılmağa başlayandan sonra verildi. Ermənilərin əsassız torpaq iddiaları, sonra da ruslarla birləşib torpaqlarımızı işğala qalxması minlərlə Vətən övladının savaşa atılmasına, onlardan bir çoxunun isə döyüş meydanlarında həlak olmasına səbəb oldu. 1990-cı ilin 20 yanvar gecəsi isə əli yalın halda millətin qürurunu tapdanmaqdan qorumaq üçün küçələrə çıxan on minlərlə dinc insanımızdan 132-sinin aramızdan getməsinə səbəb oldu. İstər Ermənistanın təcavüzünün qarşısının alınması zamanı, istərsə də Bakıya soxulan rus tanklarına qarşı dirəşərək həlak olanlar dinimizin buyruğu gərəyincə şəhidlik zirvəsinə yüksəlmiş oldu. Doğrudur, sonradan şəhid statusunu müəyyən edən qanun da qəbul edildi. Təbii ki, dinin dövlətdən ayrı olduğu dünyəvi bir ölkədə bu, normal bir şey sayıla bilər. Bununla belə o da qeyd edilməlidir ki, İslamın ali kitabı olan “Qurani Kərim” şəhidin kim olduğunu birmənalı və əbədi olaraq müəyyən etdiyindən onunla bağlı hansısa qanunun olmasına əslində heç gərək də yox idi. Yəni şəhidlik özü bir təbii haldır və mütləqdir. Mütləq olanları isə qanunla tənzimləmək elə də ağlabatan sayıla bilməz. Nə isə. Sözümüz onda deyil.

Bizi bu məsələyə yanaşmağa vadar edən şəhidlərin adının müxtəlif məktəblərə, küçələrə, uşaq bağçalarına verilməsi zamanı onların kimliyini açan informasiyalardan istifadə edilməməsidir.

…Bu yaxınlarda baş verən bir hadisə dediklərimizi təsdiq edir. Bakının orta məktəblərindən birində maarifləndirici tədbir keçirən müəllim bur buklet dərc etdirir və onun üzərində “Şəhid filankəs adına filan saylı məktəb” sözləri yazdırır. Halbuki məktəbin binasının üzərində vurulmuş lövhədə şəhidin adı yazılsa da, onun şəhid olması haqqında bir kəlmə də deyilmir. Yəni belə: “Filankəs adına filan saylı məktəb”. Yalnız bu qədər. İndi təsəvvür edək ki, yoldan keçən bir nəfər həmin lövhəyə baxır və oradakı ad ona heç nə demir. Yəni məktəb kiminsə adını daşıyır. Ancaq bu kimsə kimdir? Bax, bu məsələ həmin məktəbin giriş qapısındakı lövhədə öz həllini tapmır. Əslinə qalanda bu durum tək haqqında danışdığımız məktəbə aid deyil. Məktəblərin demək olar ki, əksəriyyətində (bəlkə də hamısında) “Filankəs adına filan saylı məktəb” sözləri yazılmış lövhələr asılır. Əlbəttə, həmin şəhidin yeni-yeni dünyasını dəyişdiyi zaman məktəbdə onun barəsində danışılır, şəkilləri asılır və şagirdlərə onun kimi qəhrəman olmaq tövsiyə edilir. Ancaq zaman keçdikcə məsələ “aktuallığını” itirir və şəhiddən yalnız məktəbə verilmiş ad qalır. Sonra məktəbə yeni şagirdlər gəlir. Onlar da həmin şəhid haqqında heç nə öyrənmir, sadəcə bilirlər ki, məktəb kiminsə adını daşıyır…

Şəxsi təcrübəmdən bilirəm, şagirdlərdən soruşanda ki, oxuduğun məktəbə adı verilmiş adamın kim olduğunu bilirsinizmi, ən yaxşı halda deyirlər ki, məktəbimiz filankəsin adını daşıyır. Bəs bu filankəs kimdir? Suala cavab almaq heç mümkün olmur! Belə şagirdlər qınanmalıdırmı? Əsla! Şagirdlər deyil, məktəb qınanmalıdır. Çünki məktəb, adını daşıdığı şəhidin kimliyini öz şagirdlərinə təbliğ edə bilməyib (yaxud da etmək istəməyib). Elə isə başqaları, yetişməkdə olan insanlar şəhid olmaq istərlərmi? İstəməzlər təbii. Çünki onlar gözlərini açıb şəhidlərə sayğısızlıq görürsə, onların ailələrinin, yaxınlarının daim biganəliklə üzləşdiyinin şahidi olursa, nədən şəhid olmaq istəsinlər ki? Ancaq Vətənin və millətin şəhidlərə, şəhid düşməyə hazır olanlara hər zaman ehtiyacı var axı. Bəs bu ehtiyacı necə ödəməliyik? Bizcə, şəhidlərə haqqını verməklə. Yəni onların işlərinə və adlarına biganə yanaşmamaqla, elədiklərini normal şəkildə yeni nəsillərə təbliğ etməklə. Elə bu cür təbliğatın bir yolu da məktəblərin girişindəki lövhələrə şəhid sözünün əlavə edilməsi olmazmı? Misal üçün, “Şəhid filankəs adına filan saylı məktəb” ifadəsi yazılsa bunun kimə nə zərəri olar ki?

…Yuxarıda qeyd etdiyim hadisənin davamı da var. Məktəbin direktoru həmin bukletlərdə şəhid sözünü görüncə müəllimə irad tutur ki, bu nə hoqqadır çıxarırsan? Axı məktəbimiz filankəsin adını daşıyır, özü də milli qəhrəmandır. Sən isə şəhid yazıb onu kiçiltmisən!

Bundan böyük qəbahət, bundan böyük cəhalət ola bilərmi? Bir məktəb direktoru şəhidliyin daha aşağı status olduğunu iddia edir. Onun iddiasına görə, milli qəhrəman adı şəhidlikdən də yüksəkmiş! Cəhalət deyil də, bəs nədir bu?! Bax, elə şəhidliyin və şəhidlərin düzgün təbliğ olunmaması bu cür düşünən məktəb direktorlarının(!) ortaya çıxmasına səbəb olur. İndi biz bu adama izah etməliyik ki, milli qəhrəman statusu özündə yüksəklik əlaməti daşısa da, şəhidlik qədər yüksək sayıla bilməz. Milli qəhrəman adını bəndədən (yaxud da bəndələrdən) almaq olar, şəhid taleyini isə Tanrı yazır. Tanrıdan ad almaq bəndədən ad almaq qədər asan məsələ deyil. Hələ bir zəmanəmizdə olduğu ki, bəndədən rüşvətlə alınması mümkün olan şeyləri Tanrıdan heç almaq olmaz. Üstəlik şəhidlərin yeri Tanrının düz yanındadır. Ancaq müqəddəs kitabımızda milli qəhrəmanların yerinin Tanrı yanında olması haqda bir şey deyilmir. Şəhidlik bir zirvədir ki, ondan yuxarıda heç nə və heç vaxt ola bilməz. Şəhidlik zirvəsinin üzərində yalnız Uca Yaradanın – Tanrının əli var! Tanrı isə hər şeydir, bütün zirvələrin zirvəsidir! Şəhid də həmin zirvənin düz yanındadır! Belə olan halda birisinin haqqına uyğun olaraq adının önünə şəhid sözünü əlavə etməklə onun kiçildildiyini düşünmək nə qədər doğru bir şeydir? Bir məktəb direktoru bunu anlamırsa, vay halımıza, millət!

Bizcə bu cür məsələ ən yüksək bəndə səviyyəsində müzakirə edilib həllini tapmalıdır. Yəni bir şəhidin adını hara yazarlarsa, yazsınlar, mütləq həmin adın qarşısında şəhid kəlməsi də yer alsın gərək. İstər şəhidin qəbri üzərində, istərsə də onun adının verildiyi obyekt üzərində bu ifadə qeyd olunmalıdır. Elə qəbristanlıqdan söz düşmüşkən, adi ölülərlə şəhidlərin bir-birindən fərqləndirilməsi üçün bu ifadənin qəbir daşı üzərində yazılması zəruridir. Çünki tanımasaq belə məzarda yatanın şəhid olduğunu görüncə hər birimizin ürəyindən bir dua qopub onun ruhuna ünvanlanacaq. Şəhid ruhlarınasa bizim ən azından hər zaman bir dua borcumuz var…

Azər H.Həsrət

Dərc edilib: Lent.az, 27 noyabr və Gündəlik Bakı, 28 noyabr 2008

Oxunma sayı: 5773
Share