“Prezidentliyə iddialıyam”

Azər Həsrət: “Harda olsam, orda ot olub bitə bilirəm”
“Elə vaxt olub, 18 saat durmadan, yatmadan maşın sürmüşəm”

Jurnalistlərin Həmkarlar İttifaqı, Azərbaycan Jurnalistlər Konfederasiyası, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi və nəhayət, “Yol” İctimai Birliyi… Diqqətli oxucu yəqin ki, söhbətin məhz Azər Həsrətdən getdiyini təxmin elədi.

Hazırda o, Beynəlxalq Avrasiya Mətbuat Fondunda informasiya meneceri kimi tanınır. Ancaq etiraf edir ki, bir qədər çılğın olduğuna, meydana can atdığına görə kabinet mühiti dostların əhatəsində belə onu sıxır. Kifayət qədər maraqlı həmsöhbətimlə Ukrayna meydanı yaxınlığındakı parkda görüşərkən Azərin Əhmədlidə yaşadığını da öyrəndim. Heç demə, avqustun 3-də Azər Həsrət ömrünün 40-cı ilini qeyd eləyibmiş, səssiz-səmirsiz. 20 yaşını Almaniyada, 30-nu isə Amerikada qeyd eləyən həmsöhbətimə, nəhayət ki, yubileyini vətəndə qeyd eləmək qismət olub. Ancaq iki övladından və həyat yoldaşından aldığı hədiyyə və qohum-qardaşın, dostların təbrikləri ilə kifayətlənib…

“Ayaqda durmağı bacarıram”

“Vəziyyət necədir” sorğuma cavabında “vəziyyət əziyyətdir” söylədi. Əziyyətin nədən ibarət olduğu ilə maraqlandıqda isə etiraf elədi ki, bunun şəxsi plana heç bir aidiyyəti yoxdur: “Özümlə, yaxud ailəmlə bağlı əziyyət çəkdiyimi iddia edə bilmərəm. Amma ümumilikdə götürəndə ətrafdakı mühitə, ictimai-siyasi münasibətlər sisteminə baxanda adam fikirləşir ki, doğrudan da əziyyətdir. Yəni mən evdən çıxıb yolda qabalıq eləyən polis nəfərini, insanların biganəliklə ətraf mühiti çirkləndirdiyini görürəmsə, maşın sürərkən başqalarının yol hərəkəti qaydalarını kobud surətdə pozduğunun şahidi oluramsa, yeri gəldi-gəlmədi kimlərinsə tərifləyib dağ başına qoyulmasını, yaxud kimlərəsə ədalətsiz şəkildə qarayaxma hallarını müşahidə edirəmsə, əlbəttə ki, bunlar hamısı mənə əziyyət verir. Adamın içindən bir sual keçir ki, niyə belə olmalıdır? Niyə bizim millətimiz, ölkəmiz bu gündədir? Şəxsi planda şükürlər olsun, nəsə bir problemim, əzab-əziyyətim yoxdur. Faktiki olaraq özümü problemsiz bir adam saya bilərəm.

Daxili inancıma görə, insan ədalətli, dürüst olarsa, özünə hörmət qoyduğu qədər başqalarına da hörmət qoyarsa, özünə rəva bilmədiyini başqalarına rəva bilməzsə, o rahat bir şəkildə öz həyatını qura və yaşaya bilər. Bu, mənim həyat kredomdur. Cəlaləddin Ruminin sözü olmasın, özümə rəva bilmədiyimi başqalarına da rəva bilmirəm. Həmçinin nəfsimə də hakim olmağı bacarıram. Elə hesab edirəm ki, bu, mənim nailiyyətimin fəlsəfəsidir”.

– Belə çıxır ki, jurnalistikadan kənarlaşmaq müəyyən mənada həm də qazanc gətirirmiş?

– Əslində elə demək düzgün deyil. Mən adi bir fəhlə də olub torpaq qaza, yer şumlayardım. Amma yenə də “xoşbəxtəm, problemim yoxdur, əziyyət çəkmirəm” deyə bilərdim. Dünyanın 30-dək ölkəsini gəzmiş bir adamam, hər irqdən olan insanlarla ünsiyyətim, dostluğum olub. Hətta Afrikada qara adamların içində çox rahat bir şəkildə ünsiyyət qurub onlara uyğunlaşa bilmişəm. Avropa və ya Asiyada da eləcə. Ona görə də məndə bir arxayınlıq olub. Həmişə də deyirəm ki, aparın məni Ərəbistan səhralarına atın, su olmadığı halda orda ot olub bitə bilərəm. Yəni istənilən şəraitə uyğunlaşıb ayaqda durmağı bacarıram.

Jurnalistikadan siyasətə addım atmasını da özünə inamı ilə əlaqələndirir: “İçimdəki ədalət hissinin möhkəmliyindəndir ki, mən siyasətə keçərkən jurnalistikadan tam olaraq əlimi üzdüm. Yəni bütün mümkün vəzifələrdən, titullardan, statuslardan imtina elədim. 2005-ci ildə millət vəkilliyinə iddia edəndə Mətbuat Şurası üzvlüyündən, Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibliyindən könüllü şəkildə çəkildim. Hətta kampaniya aparanda bircə dəfə də olsa jurnalistlik fəaliyyətimdən danışmadım. Sırf siyasi iddiaları olan, siyasətə atılmağa tam hazır bir adam kimi çıxışlar edirdim. Bu da mənim özümə inamımdan irəli gəlirdi. İndi də inanclıyam ki, yüz minlik kütlə qarşısına çıxsam 10 dəqiqənin içində məni tanımayan həmin insanların sevimlisinə çevrilə bilərəm. Natiqlik, auditoriya ilə işləmək imkanları da Allah vergisidir. Elə hallar olub ki, səsimlə və sözümlə tamam ciddi bir yerdə mühiti, adamların münasibətini dəyişə bilmişəm”.

“Maşın qohumları”

Söhbət hərlənib-fırlanıb Azər bəyin jurnalistikadan maşın ticarətinə keçid eləməsi üzərinə yönəlir. Bildirir ki, 2005-ci ilin parlament seçkiləri zamanı “Azadlıq” blokunun dəstəklədiyi bitərəf namizəd olaraq Xaçmaz rayonunda apardığı ağır kampaniyadan sonra birdəfəlik imtina etdiyi jurnalistikaya qayıtmaq barədə düşünməyib: “O dövrdə bir qədər maddi problemlər yaranmağa başlamışdı. Fikirləşdim ki, mən də bir işin qulpundan yapışıb özümçün həyat şəraiti yaratmalıyam. Onunçün avtomobil ticarətini qurmağa başladım. Almaniyanın Ştutqart şəhərində partnyor da tapdım, indiyədək əlaqələrimiz davam edir. Ancaq o işə başlayanda gördüm ki, mənim həddən artıq çox sayda qohum-qardaşım və dost-tanışım varmış, hamısı da maşın istəyirmiş. (Gülür) Yəni onlara maşın satmaq mümkün deyil, sadəcə olaraq onlar üçün maşın gətirmək lazımdır. Ona görə də bir il bu işlə məşğul olandan sonra onun daşını atdım. Yəni 2006-cı ilin ortalarında bu işə başladım və 2007-ci ilin aprel ayında artıq sonuncu maşını gətirib çox yaxın adamların birinə verdim, bununla da işi dayandırdım”.

Həmsöhbətim deyir ki, az qala ölkəyə səs salan maşın ticarətinə heç “çax-çux” da demək olmaz: “Mən qardaşımçün, ya dostlarım üçün maşın gətirirəmsə, ondan nə çax-çux olasıdı? Buna “əl-ələ, baş-başa” demək bəlkə daha düzgün olardı. Əslinə qalanda o yolu gedib-gəlmək mənimçün bir qədər xobbiyə çevrildi”.

Azər bəyin yol əhvalatları isə xeyli zəngindir. 5 min kilometrlik yolu qət edərkən başına bir-birindən maraqlı hadisələr gəldiyini söyləyir. Sözarası vurğulayır ki, zamanı gələndə bütün bu xatirələri bir yerə toplamaq, yazmaq niyyəti var. Maşın gətirərkən başına gələn ən ciddi hadisəni nəql eləyir:

– Bu hadisə fevral ayında Türkiyənin Bolu dağından Samsuna qədər olan 400 km-lik yolu gələndə baş verib. O yol başdan-ayağa dağ yoludur. Mən bütün yolu qarlı, buzlu yollarda, özü də təkbaşına maşın sürdüm. Maraqlısı odur ki, yolun böyük hissəsini gecə getdim. Yol boş, nə qabaqdan, nə arxadan gələn var. Yatmadan, dağların başı ilə, enişli, yoxuşlu, dönüşlü, qarlı, buzlu yollarla bütün gecəni maşın sürdüm. İndi yadıma salanda tüklərim biz-biz olur. Bir yerdə oturub çay içəndə adamlar deyirdilər ki, belə havada gecə vaxtı dağların başında yol gedilməz. Amma buna baxmayaraq getmişdim və yolun ən təhlükəli hissəsini gecə ilə qət eləmişdim. Gündüz vaxtı görəndə ki, artıq Samsuna yaxınlaşdıqca buzlar əriyib, bir qədər aldanıb sürət həddini aşmışdım. Bu zaman maşın dərəyə “uçdu”. Allah üzümə baxdı ki, aşmadı və düz düşdü. Təkər partladı, bir az əzildi. Əsas məsələ qarlı havada ordan çıxmaq idi. Təkəri dəyişdirdim. Maşını yoldan bir qədər aralı çəkdim ki, birdən başqa bir maşın da sürüşüb üstümə düşər. Bir mikroavtobus saxladı və türk sürücü soruşdu ki, nə yardım lazımdır. Dedim traktordan-filandan göndərin, maşını çıxaraq. Bir qədər təcrübəli şəxs olan sürücünün məsləhəti ilə təkərlərə zəncir bağlayıb maşını yavaş-yavaş dərədən yola çıxartdım. Təbii ki, Allah qorudu.

“Daha bu iş mənlik deyil”

Maşın ticarətindən danışarkən söyləyir ki, üst-üstə gətirdiyi 10-dək maşından ona qalan 1997-ci il istehsallı “Opel” markalı avtomobildir: “Əslinə qalsa, mən yolboyu mənəvi zövq alırdım. Almaniya, Avstriya, İtaliyadan keçib gəmi ilə Yunanıstana, oradan da quru yol ilə Türkiyəyə, Gürcüstana və nəhayət, Azərbaycana keçirdik. Təqribən 4 gün yol gəlirdim. Elə vaxt olub 18 saat durmadan, yatmadan maşın sürmüşəm. Yunanıstandan Türkiyəyə gələndə saatda 210-la sürdüyüm vaxt olub”. Bildirir ki, Azərbaycanın sərhədinə və gömrüyünədək heç bir maneə ilə üzləşməyib: “Hər dəfə Azərbaycana daxil olanda gördüklərim məni iyrəndirib”.

Azər bəy deyir ki, bir işlə məşğul olanda ondan hərtərəfli faydalanır: “Düzdür, maliyyə gəlirim olmasa da, bu işdən Avropa yol mədəniyyətini öyrəndim. Təbii ki, bizdə də, Avropada da yol hərəkəti qaydaları eynidir. Sadəcə, bizdəki və ordakı mədəniyyəti tutuşdurmaq imkanlarım oldu. Elə onun nəticəsi olaraq məndə bir ideya yarandı ki, Azərbaycanda minikdə yol mədəniyyəti məsələlərində bir pərakəndəlik, qarmaqarışıqlıq var, bunu yoluna qoymaq lazımdır”. Bildirir ki, 2007-ci ildə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi üçün bir ictimai qurum təsis etmək qərarını verib. “Yol” İctimai Birliyinin təməli də beləcə qoyulub: “Burda təkcə yol hərəkəti qaydaları sahəsində maarifləndirmədən söhbət getmir. Bütövlükdə burda yol mədəniyyəti nəzərdə tutulub. Burda sürücülərin və piyadaların davranış qaydaları, yol tikintisi, yolların bərpası, yeni yolların təmir olunması mədəniyyəti, yolların ekologiyası kimi məsələlər var. Bizdə hardasa yol tikmək istəyəndə günün birində heç kimə xəbərdarlıq etmədən yolu qazırlar. Yaxud yolu təmir etdikdən sonra yada düşür ki, altından bir boru keçirtmək lazım imiş, təzədən qazırlar. Yaxud yolların ekologiyası. Bizim yollarda çirkinlikdir. Baxırsan ki, hansısa bir qalstuklu vətəndaş çox bahalı maşında gedir, yolda saxlayıb dükandan bir siqaret alır və qutunu açıb kağızını küçəyə atıb gedir. Adam təəccüblənir ki, bu qədər yüksək səviyyəyə çatmış birisi belə təfəkkürünə sığışdırmır ki, zibili zibil qabına atmaq lazımdır. Bu kimi məsələlərə görə biz belə bir fəaliyyətin üzərinə gəlmişik”.

“Yazılarımdan sonra dostlarım məndən incidi”

Jurnalistikadan uzaqlaşmağına baxmayaraq, Azər Həsrət qələmini korşalmağa da qoymur. Bir neçə gün əvvəl mətbuatda dərc olunan 2005-ci il seçkilərinə həsr olunmuş serial yazılar da bunun nəticəsidir. Qeyd edir ki, içindəki duyğular və düşüncələr onu həmin yazını yazmağa vadar edib: “Biz bəlli siyasi liderlərin və qüvvələrin ardınca gedərkən onların hansısa vədlərinə aldanıb getmirik. İçimizdən gələn bir səs bizi onların ardınca getməyə çağırır. 2005-ci il seçkiləri vaxtı və ondan sonra elə şeylər baş verdi ki, mən heç bir siyasi liderə və qüvvəyə hesablanmamış fikirlərimi çatdırmağa məcbur oldum. Biz bəzən mənsub olduğumuz siyasi cəbhənin maraq və mənafelərini nəzərə alaraq öz mənfilərimizi dilə gətirməmişik, yalnız qarşı tərəfi tənqid etmişik. Ancaq əgər biz ölkədə normal və sağlam siyasi münasibətlər qurulmasında maraqlıyıqsa, qarşı tərəfi tənqid etdiyimiz kimi, özümüzü də tənqid etməyi bacarmalıyıq. O baxımdan mən bu yazını yazdım. Orda hakimiyyətin də, müxalifətin də ciddi tənqidi var. Hətta bəzi dostlarımız oxuyub məndən inciyiblər, məni obyektiv olmamaqda suçlayıblar. Mən düşünürəm ki, Əli Məsimli kimi bir iqtisadçının parlamentdə oturması onun seçkilərdə alternativi olan, şəxsinə hörmət etdiyimiz Cavanşir Quliyev kimi bəstəkar dostumuzun orda oturmasından daha məqsədəuyğundur”.

“Təcrübəmi boşuna xərcləmək fikrində deyiləm”

Müxalifətin davranışlarından, bir-birinə münasibətindən artıq “bıkdığını” da söyləyir. Ancaq siyasətdən uzaqlaşmaq fikrində olmadığını vurğulayır: “2010-cu ilin parlament seçkilərində də iştirak etmək fikrindəyəm. Yeri gəlmişkən, mən müxalifətin prezident seçkilərində iştirak etməməsini böyük səhv hesab edirəm. Biz ən azı seçkinin verəcəyi tribuna imkanından istifadə etməliydik. Bu seçkilərdə biz ”Seçki-2008″ adı altında Qeyri-Hökumət Koalisiyası qurmuşuq, müşahidə prosesləri ilə məşğul olacağıq. Yəni mənim bu işlərdə yetərincə təcrübəm var və bir anda onları qatlayıb sandığa qoya bilmərəm. 1995-2000-2005-də deputlığa namizədliyimi irəli sürmüşəm. Ondan sonra ayrı-ayrı ölkələrdəki seçkilərdə müşahidəçi olmuşam. Ukraynadakı “narıncı inqilab” vaxtı iki ay yarım ərzində Çerkassk vilayətinin koordinatoru olmuşam. Yəni mən bu təcrübəmi boşuna xərcləmək fikrində deyiləm”.

– Bilmək olarmı ki, Azər Həsrətin ən böyük iddiası nədir?

– Hər halda, o əsgər pis əsgərdir ki, general olmaq istəmir. Əgər mənim siyasi iddialarım varsa, prezidentliyə qədər iddia edirəm. Hətta mən bəlkə də BMT-nin baş katibliyinə qədər iddia edə bilərəm. Mən düşünürəm ki, bu gün Azərbaycan siyasətindəki az-çox bacarıqlı, ağlı kəsən adamlar yalnız bir deputat mandatı, prezident vəsiqəsi ilə kifayətlənməməlidir. İlham Əliyevə o vaxt güclü siyasətçi deyərəm ki, o, Azərbaycanda prezidentliyini başa vurub getsin BMT-nin baş katibi olsun. Yoxsa ki, Azərbaycan kimi bir ölkədə seçkiləri saxtalaşdırıb hakimiyyət başında qalmağa nə var ki. Əslində bizim ən nəhəng siyasətçi dediyimiz adamlar, ən iddialı siyasətçilərimizin daha böyük iddiaları olmalıdır. Məsələn, Murtuz Ələsgərov Milli Məclisin sədri olduqdan sonra beynəlxalq aləmdə çox böyük işlər görə bilərdi. Amma bu gün ortalıqda yoxdur. Yaxud Rəsul Quliyev bu gün xırda intriqalardan başqa heç bir işlə məşğul deyil. Halbuki o, həm siyasi, həm də maliyyə kapitalına əsaslanıb Amerikada çox böyük işlər görə bilərdi. Amma bizim adamlar bu işləri görə bilmir, xırdalanırlar.

Müsahibim təkcə ana dilində yaxşı natiq deyil. Türkiyə türkcəsindən başqa rus, ingilis dillərini də mükəmməl bilir. Hazırda isə alman dilini öyrənir: “Bir az başım açılanda Almaniyaya gedib bir-iki ay qalmaq istəyirəm. Ərəb və italyan dillərinin kursunu da bitirmişəm. Bu dillər dünyanı anlamağıma kömək edir”.

Söhbətimizi yekunlaşdırırıq. Təkidlə “əyləş, aparım” deyə “Opel”i nişan verir. Minnətdarlıq edib ayrılıram. Gözücü baxıram ki, maşına əyləşərkən dərhal təhlükəsizlik kəmərini bağlayır. Mənzil başına çox yaxın olsa da…

Elşad PAŞASOY

Dərc edilib: Yeni Müsavat qəzeti, 18 avqust 2008-ci il. Şəkillər müəllifindir.

Oxunma sayı: 7140
Share