Ziyalımı, ziyanlımı?

Son günlərin müzakirə mövzularından biri də budur. Görəsən, əsl ziyalı kimdir? Nə cür insanları ziyalı adlandırmaq olar? Ümumiyyətlə, ziyalılıq nə deməkdir? Bu, bir əsil-nəcabət məsələsidir, yoxsa yaşam tərbiyəsinin nəticəsi? Bu suallar bir çox insanları düşündürür və hərə onlara istədiyi kimi cavab verir. Daha doğrusu, özünə sərf edən şəkildə…

Birilərinə görə, ziyalılıq ali təhsil alıb ona uyğun bir işdə işləmək deməkdir. Bu cür düşünənlər hesab edir ki, orta məktəb müəllimlərini, ali məktəb professorlarını, lap elə ictimaiyyət arasında tanınan hər bir savadlı adamı da ziyalı hesab etmək olar. Yəni burada əsas şərt kimi ali təhsilin olması və ona uyğun mənsəb sahibliyi irəli sürülür…

Başqaları isə iddia edir ki, ziyalılıq heç də təhsil məsələsi deyil. Ali təhsil almadan da ziyalı olmaq mümkündür. Sadəcə, ətrafda baş verənlərə biganə qalmamaq, hadisələrə mütləq reaksiya verib insanların faydası üçün ola biləcək bir şeylər etmək elə əsl ziyalını xarakterizə edəcək cəhətdir…

Üçüncü bir qrup insanlar isə hesab edir ki, ziyalı sayılmaq üçün insanın əsil-nəcabətinin olması yetərlidir. Yəni tanınmış bir ziyalının ailəsində dünyaya gəlib sonra da cəmiyyətdə bəlli bir mənsəbə sahib olmuş insan elə ziyalı da sayılmalıdır. Axı onun ata-anası ziyalıdır, özü ali təhsillidir, üstəlik də “qara” işlərdə deyil, hansısa vəzifədə çalışır. Bundan artıq daha nə lazımdır ki? Elə ziyalı belə də olurmuş…

Təbii ki, insanların düşüncə azadlığına qarşı deyilik və hər kəsin istədiyi məsələ ilə bağlı istədiyi fikri irəli sürməsinə sayğı ilə yanaşmalıyıq. Bununla belə ziyalılıqla bağlı yuxarıda deyilənlərin heç də yüzdə-yüz bu istilahı ifadə etdiyini düşünmürük. Ziyalı, bizcə, tamam başqa bir insandır və hər diplomlunun ziyalı hesab edilməsi yanlışdır. Yaxud da əsil-nəcabətli ailədən çıxıb mənsəb sahibi olan hər kəsin də ziyalı sayılması doğru deyildir. Bundan başqa ətrafda baş verənlərə biganə qalmayanların da ucdantutma ziyalı ordusuna aid edilməsi, bizcə yanlışlar sırasındadır…

Ziyalı, işıqlı, aydın. Bu üç ifadənin hər biri özündə insanların hər zaman can atdığı işığı, aydınlığı ehtiva edir. Yəni ziyalı deyəndə insanların önündə getməyə layiq, bütün şəxsi mənəvi göstəriciləri ilə başqalarından daim irəlidə olmağı bacaran birisi başa düşülməlidir. Yuxarıda qeyd edilənlərlə bağlısa bizim bir neçə misalımız olacaq.

Ətrafda yüz minlərlə ali təhsilli insan var. Onlar məktəblərdə, tibb müəssisələrində, dövlət orqanlarında işləyir. Bu adamlar bir çox hallarda üzərlərinə düşən vəzifəni də yetərincə yüksək səviyyədə icra edə bilir. Yəni müəllim yaxşı dərs keçir, həkim xəstələri sağaldır, məmur isə dövləti vəzifəni yerinə yetirir. Elə isə sual oluna bilər ki, öz vəzifəsini vicdanla yerinə yetirən insan ziyalı sayılmamalıdırmı? Bizcə, yox. Ziyalı sayılmaq üçün daha artıq göstəricilərə sahib olmaq lazımdır…

Bir orta məktəb müəllimi təsəvvür edin. Savadlı, işinə ürəkdən yanaşan olsun. Üstəlik öz üzərində daim çalışan. Bunların yanında bir də təsəvvür edin ki, həmin müəllim hələ həyatın nə olduğunu anlamayan çocuqlardan rüşvət(!) alır! Dəhşətlidir, deyilmi? Bir millətin gələcəyini qurmalıykən məhv edən ali təhsilli belələrinə ziyalı deyə bilərikmi? Əsla! Belələri savadlıdır, təhsillidir, ancaq ziyanlıdır. Yaxud da başqa bir müəllim tipi təsəvvür edin. Dərslərinə vicdanla yanaşır, savadlıdır, öz üzərində işləyir və rüşvət də almır. Sadə bir həyat sürür. Bununla belə ətrafda baş verənlərin fərqinə varmır, ictimai həyata qoşulmur, öz işini yerinə yetirib əmək haqqını almaqla vəzifəsini bitmiş hesab edir. O zaman budurmu ziyalı? Xeyr! Bu da deyil! Bu, sadəcə olaraq ziyansız birisidir. Həm də faktiki olaraq əmək haqqı üçün gördüyü işi nəzərə almasaq, faydasız da deyə bilərik. Belələri orta məktəblərdə də, ali məktəblərdə də yetərincədir. Hətta professorlar, akademiklər arasında da bu cür insanlar, təəssüf ki, az deyil.

Başqa bir tip təsəvvür edin. Varlı-hallı bir ailənin övladıdır. Pulu, sarayları, təhsili, hər bir təminatı və işi də öz yerində. Geyim-keçiminə də söz ola bilməz. Ütülü şalvar, ağ köynək, qalstuk, bahalı maşın. Görkəmindən ziyalıya bənzətmək olar. Bir çoxları üçünsə belələri elə ziyalılıq etalonudur. İndi gəl belə adamın yarım saatlıq davranışlarını müşahidə et və sonra yenə də de ki, bu, ziyalıdır. Adam maşından şəstlə düşür, ətrafdakılara yuxarıdan aşağı baxır, əda ilə yeriyir. Nə böyük bilir, nə kiçik. Verilən salamı da dilucu alır. Çəkdiyi siqaretin kötüyünü isə hara gəldi tullayır. Ancaq sosial cəhətdən özündən yüksəkdə olanların qarşısında ikiqat əyilməkdən də çəkinmir. Budurmu etalon ziyalı obrazı? Əsla! Bu cür adamların ziyalılığa ümumiyyətlə dəxli və aidiyyatı ola bilməz! Deməli pul-paranın, mənsəb-vəzifənin olması da ziyalılıq üçün yetərli deyildir.

Əsil-nəcabətli ailədən çıxıb ali təhsil alan və vəzifə sahibi olanların da ucdantutma ziyalı hesab edilməsi yanlışlar sırasındadır…

Bəs onda ziyalı kimdir? Bizcə, ziyalı o kəsdir ki, tək özünü və yaxınlarını deyil, ətrafdakıları da düşünməyi bacarsın, mümkün olduqca onlara həyan dursun. Ziyalı rüşvət almaz, yaltaq olmaz, satqınlıq və xəbərçilik etməz. Başqalarını aşağılamaz və özünün də aşağılanmasına şərait yaratmaz. İctimaiyyətin mənafelərinə zidd olan istənilən hadisəyə anında reaksiya verər, zərurət yarandıqda insanların önünə düşüb onları problemlərinin həllinin mümkün ola biləcəyi istiqamətə yönəldər. Bir ziyalı zibili evinin pəncərəsindən küçəyə tullamaz (təəssüf ki, belə hərəkət edən qalstuklularımız çoxdur), gördüyü qüsurların üzərindən “mənə dəxli yoxdur” deyib keçməz. Ziyalı padşahlara qul olub rəiyyətə ağalıq etmək iddiasına düşməz. Ziyalı heç təkəbbürlü də olmaz, insanlarla sadə davranar, düz oturub düz durar. Savadını, biliyini artırar, qazandığı elmi insanların faydası üçün dövriyyəyə buraxar. Biliyinin gücündən bəd əməllər üçün istifadə etməz. Ziyalı deyəndə elə əsl insan obrazı göz önünə gəlməlidir. Elə bir insan ki, qəlbində ədalət və rəhm hissi, əməllərində də doğruluq və dürüstlük olsun. Bu insanın ali təhsili, var-dövləti və hətta əsil-nəcabəti də olmaya bilər. Ancaq sadəcə gerçək insan ola bilər. Ziyalılıq üçün, bizcə, elə bu da yetərlidir…

Azər H.Həsrət

Dərc edilib: Gündəlik Bakı, 25 noyabr və Qaynar.info, 27 noyabr 2008

Oxunma sayı: 5560