Xalq Cəbhəsi – arxivə!

Xalq Cəbhəsi millətin qurtuluşunda danılmaz xidmətləri olan bir hərəkat idi. Ona başçılıq edənlər sonradan fərqli mövqelər nümayiş etdirsələr də, Azərbaycan tarixində, lap elə dünya tarixində də bu hərəkat çox layiqli bir yer tutdu. Böyüdü, genişləndi, millətin yatmış ruhunu oyatdı və Azərbaycanın yenidən müstəqil olmasında öz sözünü dedi. Xalq Cəbhəsi hər kəsin sayğı duyduğu, az qala müqəddəslik zirvəsi hesab etdiyi bir ümummilli və ümumxalq hərəkatı oldu. Bir zamanlar fərqli ideologiya daşıyıcısı olan insanlar belə bu hərəkata gizli dəstək vermək üçün özlərində güc tapdılar. Və hərəkat milli müstəqilliyimiz yolunda atılması zəruri olan ən vacib addımı gerçəkləşdirməyi bacardı.

…Biz müstəqil olduq və günümüzə şükür, bu günə gəlib çıxdıq. Xalq Cəbhəsinin yarandığı günlərdəki halımızla bugünkü halımızı müqayisə etmək elə də çətin olmasın gərək. Yaxın tarixdir. Hər şey gözümüzün önündə baş verib. Baxırıq, qarşılaşdırıb bir nəticə çıxarırıq. Azərbaycan gerçəkdən oturuşmuş, yəni xalq hərəkatı başlayanda arzu etdiyimiz müstəqil dövlətə çevrilə bilib…

Xalq Cəbhəsi isə… Kaş ki, Xalq Cəbhəsi də o illərdə qalaydı. Hər kəsin sayğı duyduğu, hər kəsin müqəddəs bir hərəkat sandığı Cəbhə kimi! Qalmadı. Biz onu gətirib xırdaladıq, parçaladıq, üzərində o tərəf bu tərəfə yürüdük ki… öz xırda siyasi maraqlarımızı təmin edək. Nə bilim, deputat olaq, nazir olaq, iş qurub para qazanaq. Bütün bunlara nail olmaq üçün o boyda hərəkatı xərclədik. Xərclədik ki, özümüz xərclənməyək…

Cürbəcür əlavələri ilə bu addan bərk-bərk yapışanlar var. Biriləri bir zamanlar o Böyük Cəbhədən bir parça qoparıb iddia etdi ki, hərəkatın dünyasını təzəcə dəyişmiş öndəri Əbülfəz Elçibəy belə istəyirmiş. Həmin günlərdə bu məsələ ətrafında dartışmalar elə bir həddə çatdı ki, mərhum Elçibəyin ölümü belə unuduldu.

Sonra daha bir dəstə ortaya çıxdı. Onlar da Xalq Cəbhəsinin yanlış yolda olduğunu iddia edib ayrıldılar… və qurumun adını da özləri ilə aparmaq istədilər. Apara bildilər də. Ancaq böyük məna daşıyan hərəkatın ruhunu, məğzini deyil, onun adındakı bir neçə sözü. Onların da iddiası bu oldu ki, Xalq Cəbhəsinə başçılıq edənlər hansısa siyasi alverlə məşğulmuş. Qarışmırıq. Babalı deyənlərin boynuna. Hər halda şahidi olmadıqlarımızın doğru və ya yalanlığında israr edə bilmərik…

Bu da azmış kimi, Xalq Cəbhəsi ətrafında bəzən əxlaq çərçivəsindən kənara çıxan polemikalara yol açıldı. Bir zamanlar eyni yolun yolçusu olan müsavatçılarla cəbhəçilər zaman-zaman bir-birlərini hakimiyyətə satılmaqda, milli mənafelərə xəyanət etməkdə suçladılar. Hər seçki kampaniyasından sonra hakimiyyəti tənqid etməliykən, adamlar durub müxalifət içində qarşıdurmalar yaratdılar. Sən demə, Müsavat Partiyasının hakimiyyətə gələ bilməməsinin səbəbkarı Xalq Cəbhəsi imiş. Eləcə də Xalq Cəbhəsinin hakimiyyətə gələ bilməməsinin səbəbkarı Müsavat Partiyası imiş… Və beləcə 1995-ci, 1998-ci, 2000-ci, 2003-cü, 2005-ci illər havaya sovruldu. Xalq Cəbhəsi isə 1988-ci ildən 2008-ci ilə qədər olan zaman arasında əriməkdə davam etdi…

…Əvvəlcə Əbülfəz Elçibəy dedi ki, məni prezident etməyin, etsəniz, bir ildən sonra özünüz devirəcəksiniz. Dediyi oldu da. Bir il sonra devrildi… və hakimiyyəti könüllü təhvil verdi. Ziddiyyətlidir, ancaq belədir. Hər halda, Heydər Əliyevin Bakıya qayıdıb pərən-pərən düşmüş dövləti bir araya toplaması da gözümüz önündə baş verib. Düzdür, sonradan iddia edildi ki, Elçibəyin hakimiyyətdən getməsində Heydər Əliyevin əli varmış. Ancaq bunu sübut edəcək dəlilləri hələ də ortaya qoymağı bacaran olmayıb. Elçibəy özünə qarşı bir qrup adamın dirənişinə tab gətriməyib, hakimiyyəti Heydər Əliyevə könüllü şəkildə verdi… Xalq Cəbhəsinin gözdən düşməsi üçün bundan pis hal ola bilməzdi. Xatırlayırıq, Cəbhə haqqında ictimaiyyət arasında hansı söz-söhbət, hansı lətifəvari fikirlər dolaşırdı…

Sonra Xalq Cəbhəsinin rəsmən kiçildilməsinə qərar verildi. Adamlar iddia etdilər ki, bir zamanlar milyonların hərəkatına çevrilməyi bacarmış Cəbhə indi də partiya olmalıymış. Siyasi proseslərdə iştirak edə bilmək üçün. Adamlar düşünürdülər ki, Xalq Cəbhəsi kimi böyük bir adın arxasında gizlənib Heydər Əliyev hakimiyyətinə dirəniş göstərmələri asan olacaqmış… Ancaq qarşılarında duranın qətiyyətini, xarakterini, təcrübə və bacarığını nəzərə almırdılar. Uduzanda da iddia edirdilər ki, müxalifətin içindəki satqınlar onların uğursuzluğuna səbəb olur.

Beləcə illər keçir, insanların bəziləri Xalq Cəbhəsindən uzaqlaşır, fərqli ideyalarla çıxış edir, özlərinin doğru bildiklərini dilə gətirirdilər. Ardınca da Cəbhədən dedi-qodu xarakterli xəbərlər pərvazlanır və gedənlərin xain olması haqqında uzun-uzadı müzakirələrə rəvac verilirdi. Millətin dərdi-səri, sən demə hansısa cəbhəçinin öz təşkilatından ayrılması imiş… Cəbhədən ayrıldınsa, xainsən! Xalq Cəbhəsində oturuşmuş yanaşma belədir. Elə indinin özündə də. Adamların iddiasına görə, Xalq Cəbhəsinə nə zamansa üzv olmuş heç kim, sən demə, ömrünün sonuna qədər bu qurumdan qurtulma haqqına sahib deyilmiş. Yəni bir dəfə üzv oldunsa, əbədi olaraq Xalq Cəbhəsinin üzvlüyündə qalmalısan. Üstəlik, sənin fərqli fikrin də olmamalıdır. Partiyanın tutduğu xətti mütləq bəyənib dəstəkləməlisən. Bəyənməyib partiyadan çıxsan və fərqli mövqe nümayiş etdirsən, deməli xainsən.

Belə yanaşmanın sonuncu “qurbanı” stajlı cəbhəçi Qulamhüseyn Əlibəyli oldu. Onun da ardınca deyindilər, gərəyincə xain elan etdilər, ancaq çox da uzağa getməyə cürətləri çatmadı. Niyə? Çünki artıq özləri də başa düşürlər ki, bir qurumdan bu qədər “xain” çıxarsa və bu cür “xəyanətlər” ətrafında uzun-uzadı dartışmalar olarsa, biriləri qalxıb sual verər ki, nədən sıralarınızda böyük bir “xain ordusu” yetişdirmisiniz? Necə olur ki, bütün xainlər Xalq Cəbhəsindən çıxır? Niyə başqa təşkilatlarda bu qədər xain yoxdur?

Belə söhbətlər, müzakirələr Xalq Cəbhəsini kiçildir, adi bir dedi-qodu təşkilatına çevirir. Əslində “bunun bizə dəxli yoxdur” deyə bilərik. Yəni bir partiya ilə bağlı baş verənlər həmin partiyanın öz işidir. Ancaq belə yanaşa bilmirik. Çünki Xalq Cəbhəsi bir xalq hərəkatı idi. Millətin kükrəyib özünə döndüyü, oyanıb ayıldığı zamanın hərəkatı! O bizim hamımızın hərəkatı idi! Və biz onun taleyinə biganə qalarsaq tarix bizi bağışlamaz.

…Xalq Cəbhəsi bu gün adi bir qeyri-hökumət təşkilatı təsiri bağışlayır. Qərargahı əlindən alınıb, sıraları seyrəlib, öndə gedənləri pərən-pərən düşüb. Ən adi kampaniyaları belə təşkil edəcək gücdə deyil – xırdalanıb, parçalanıb, dağılıb. Bu qurum indiki durumunda daşıdığı ada layiq ola bilmir. Əslində, bu layiq ola bilməmək indinin məsələsi deyil. Uzun zaman öncənin məsələsidir. Parçalanmalar, qarşılıqlı ittihamlar, qarayaxmalar, xəyanət suçlamaları. Bütün bunların hamısı böyük bir hərəkatı xırdalamış, əritmiş və abırdan salmışdı… Xalq Cəbhəsinin bugünkü başçısı Əli Kərimlinin durumu da ürəkaçan deyil. Ordusu seyrəlmiş komandana bənzəyir. Bütün imkanları məhdudlaşdırılıb. Addım belə ata bilmir. Pasportu yox, qərargahı yox, maliyyəsi yox. Adamlar onun bu hala düşməsində səbəb kimi Xalq Cəbhəsini “Elçibəy yolu”ndan sapdırmasını, bir zamanlar “hakimiyyətə satılma”sını, Amerikaya “işləməsi”ni və müxalifəti “parçalaması”nı göstərirlər. Haqlı-haqsız, onun üzərinə gedilir. Hətta Cəbhənin içindən də bəzən ona müxalif səslər eşidilir…

Ancaq durum çıxılmaz deyil. Hər şeydən öncə Xalq Cəbhəsinin olan-qalan abırını qorumaq lazımdır. Bunun üçün də Xalq Cəbhəsi adına iddia edənlər heç bir şərt irəli sürmədən bu təşkilatı arxivə göndərməlidirlər. Hətta deyərdim ki, hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq, Xalq Cəbhəsinə dəxli olan hər kəsin iştirakı ilə. Təntənə ilə, abırlı bir şəkildə Xalq Cəbhəsini arxivə göndərmək lazımdır. Sözün hər mənasında. İyirminci yüzilin sonunda Azərbaycan xalqının meydana çıxarıb dünyaya tanıtdıra bildiyi, ölkənin müstəqilliyə qovuşmasında əvəzsiz xidmətləri olmuş Hərəkatın adı zamanında arxivə göndərilmədisə də heç olmazsa indi göndərilsin. Bu gün adında “Xalq Cəbhəsi” tərkibi olan qurumlara başçılıq edən Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyev Azərbaycan milli azadlıq hərəkatına təşkilatlarını buraxmaqla xidmət göstərə bilərlər. Məhz buraxmaqla! Təşkilatlarının adını dəyişməklə deyil!

Əlbəttə, onların hər birinin siyası iddiaları var və hər birisi siyasətdə öz sözünü demiş adamlardır. Ona görə də “Xalq Cəbhəsi” tərkibli adı olan təşkilatlarını buraxıb tək başına meydana çıxsınlar. Öndər kimi. İnsanları da arxalarınca çağırsınlar. Gerçək öndərin ardınca insanlar gələcək. Hara desə, hansı ada desə, gələcək. Elə lap Əli Kərimli günü bu gün elan etsin ki, Azərbaycan milli azadlıq hərəkatının incisi olan Xalq Cəbhəsi adlı partiyadan imtina edir. Qoy sübut etsin ki, özü bir siyasi öndərdir və insanlar onun ardınca Xalq Cəbhəsi adına görə deyil, şəxsiyyətinə görə gəlirlər. Belə olacağı təqdirdə “Elçibəy yolu” davasını aparanlar da çəkilib yerində oturar və Əli bəyin müasir tələblərə cavab verən bir partiyası qurulmuş olar. Elə digərlərinin də.

Haydı, bəylər, atın bu addımı. Atın ki, Xalq Cəbhəsinin abırdan salınmasına son qoyulsun. Onsuz da kimin bu Cəbhə üçün nə etdiyi və nə qədər etdiyi bəllidir və tarixdən heç nəyi silmək olmaz. Yaxşı işlər gördüyünüzə iddialısınızsa, heç rahatsız olmayın. Tarix hər şeyi öz yerinə qoyacaq. Əks təqdirdə, yenə də bir seçki kampaniyası başlayacaq və Xalq Cəbhəsinin abırdan salınması davam edəcək. 1988-ci ildə hərəkata başlarkən onun bu hala düşməsini istərdinizmi? İnanıram ki, heç biriniz istəməzdiniz. Elə biz də istəmirik. Haydı, bir cəsarət, bir nümunə sizdən gəlsin! Dəyərlərimizi qorumağı bacaraq. Əl-ələ, çiyin-çiyinə.

Azər H.Həsrət

Dərc edilib: Lent.az, 11 noyabr və Gündəlik Bakı, 13 noyabr 2008

Oxunma sayı: 7101
Share