GÄZİLÄRİM

Albaniya | Almaniya | Amerika Birləşmiş Ştatları | Avstriya | Belçika | Böyük Britaniya | Ermənistan | FransaFinlandiya | Gürcüstan | Hindistan | İspaniya | İtaliya | Kanada | G.Koreya | Macarıstan | Özbəkistan | Polşa | Qazaxıstan | Qırğızıstan | Rusiya | Senegal | Serbiya | Sloveniya | Tacikistan | Tailand | Türkiyə | Yunanıstan | Ukrayna |

1. Albaniya: Bu, Avropadakı kasıb bir müsəlman ölkəsi sayıla bilər. Albaniyaya ilk və tək səfərim 2005-ci ilin yayında oldu. Burada keçirilən parlament seçkilərində qısa müddətli müşahidəçilik etmək üçün beş gün ərzində öncə Tiranada, sonra isə adını unutduğum uzaq bir dağ qəsəbəsində oldum. İnsanlarına acıdım. Ölkənin durumuna acıdım.

2. Almaniya: Yurd dışına ilk gəzim 1986-cı ildə oldu. O zaman ilk dəfə Azərbaycandan kənara çıxdım. Əsgərliyə yola düşdüm. Özü də düz Almaniyaya. İlk dəfə idi ki, doğma yurddan ayrılıb qürbətə gedirdim. Düz iki il beləcə ana yurdumdan qıraqda qaldım. Əsgərlik etdim, maraqlı oldu. Amma yurd həsrəti zaman-zaman məni göynətdi. Əsgərliyimi Serbst şəhərində etdim. Bu hicrana 1988-ci ilin dekabrında son qoyuldu. Yurda döndüm. Daha sonra isə işlərimlə əlaqədar olaraq bu ölkəyə dəfələrlə səfər etdim.

3. Amerika Birləşmiş Ştatları: Almaniyadan sonra uzun zaman yurd dışına getmədim. Yalnız 1998-ci ildə ABŞ Mübadilə Proqramı çərçivəsində bu ölkəyə üç həftəlik səfər etdim. Vaşinqton, Nyu York, Çikago, San Fransisko, Detroyt kimi şəhərləri gəzdim. Bu ölkənin bir sıra radio-televiziyalarını və qəzetlərini də ziyarət etdim. Bu səfərim həmin ilin iyul-avqust aylarında gerçəkləşdi.

ABŞ-a ikinci gəzim isə 2000-ci ilin mayında oldu. Həmin il Beynəlxalq Söz Azadlığı Mübadiləsinin növbəti illik toplantısına qatılmaq üçün Nyu Yorka getdim. Düz bir həftə bu şəhərdə oldum və geri döndüm.

4. Avstriya: Əsl Avropa saydığım Avstriyaya 2006-cı ilin yayında səfər etdim. Sevdim bu ölkəni. İnsanları, ölkənin özü, mədəniyyəti doğrudan doğruya bir Avropadır. Avstriyanın başkəndi Vyanada və Zaltsburg şəhərində oldum. ATƏT-in bir toplantısına çıxışçı olaraq dəvət edilmişdim və fürsətdən yararlanıb bir az da ətrafı gəzdim. Sevdim bu ölkəni. Daha sonra isə işlərimlə əlaqədar olaraq Avstriyaya təkrar-təkrar getdim.

5. Belçika: Belçikaya ilk gəzim 2001-ci ilin noyabrında oldu. Avropa Birliyi, NATO ve Avropa Şurasının bəzi qurumlarına tanışlıq xarakteri daşıyan gəzi dörd günədək çəkdi. Ölkənin yalnız Brüssel şəhərində oldum.

Bu ölkəyə ikinci səfərim 2006-cı ilin fevralında baş tutdu. Bu da Beynəlxalq Söz Azadlığı Mübadiləsinin Brüsseldə keçirilən növbəti illik toplantısına qatılmaq üçün idi. Bir həftə həmin şəhərdə oldum.

Belçikanın baş kəndi Brüsselə üçüncü dəfə 2008-ci ilin yayında getməli oldum. Burada Qaçqınlar və Sürgündə Olanlar üzrə Avropa Şurasının (ECRE) yarımillik toplantısına qatıldım.

6. Böyük Britaniya: Bu ölkəyə tək bir dəfə getmişəm. 2006-cı ilin yanvarında Londonda İdarə Heyətinin üzvü olduğum Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutunun (INSI) toplantısına qatılmaq üçün buraya səfər etmişdim. London çox xoşuma gəlsə də mənə soyuq təsir bağışlamışdı.

7. Ermənistan: Düşmən torpağına ilk və son gedişim 2000-ci ilin yayında oldu. Bu ölkəni heç görməmişdim. Güman edirdim ki, Azerbaycana qarşı savaş açan Ermənistan bizdən daha güclü olar. Amma belə deyildi. Ermənistan gerçəkdən bir böhran içindəydi. İnsanları ac, yurdları da xaraba. Qonşuya düşmən olan elə bu günə də düşməli idi.

8. Fransa: Fransa ile Ermənistanın mənim üçün elə bir fərqi yoxdur. Çünki bu ölkə və bu millət də Türkə qarşı eyni münasibətləri ilə fərqlənir: hər ikisi Türk düşmənidir. Bunu biz deyil, özləri sübut ediblər artıq. Fransaya 2001-ci ilin noyabrında getdim. Avropa Şurasının dəvəti ilə Strasburqda oldum. Cəmi bir neçə gün. Burada olarkən yurddaşımız Mustafa Alınca ilə də görüşə bildim.

9. Finlandiya: Bu ölkəyə tək bir dəfə getmişəm. O da 2009-cu ilin iyun ayında. Finlandiya başkəndi Helsinki şəhərində Beynəlxalq mətbuat İnstitutunun növbəti qurultayı və ümumdünya məclisi keçirilirdi. Mən də Azərbaycandan olan nümayəndələrdən biri kimi bu tədbirlərdə iştirak edirdim. Ölkəni və insanlarını çox sevdim. Öncə məndə elə təsəvvür vardı ki, quzeydə yaşamaları üzündən buranın insanın soyuq və bir az da qaraqabaq olarlar. Ancaq ölkəyə çatdığımda və insanlarla ünsiyyətdə olduğumda yanıldığımı anladım. Bu ölkənin insanları çox səmimi, gülərüz və xoşdurlar. Ölkə özü də olduqca ürəkaçandır. Helsinkidən sonra bir Azərbaycanlı ailəsini də ziyarət etmişdik. Vasif adlı Bakılının ailəsi bizim üçün həqiqətən qürur mənbəyi sayıla biləcək ailələrdəndir. Əsl Azərbaycanlı ailəsi! Həm də xaricdə üzümüzü ağardacaq ləyaqətli bir Azərbaycanlı ailəsi!

10. Gürcüstan: Bu ölkə Azərbaycanın mehriban qonşusudur. Bəlkə də çarəsizlikdən. Hər halda Ermənistana baxanda mehribandır. Gürcüstanın başkəndi Tiflisə ilk dəfə 2000-ci ilin yayında getdim. Yenə də Bakıdan xeyli geridədir. Bu şəhərdə cəmi bir gün oldum. Daha sonra isə müxtəlif məsələlərlə bağlı Tiflisə dəfələrlə səfər etdim

11. Hindistan: Arzularımın ölkəsi. Uşaqlıqdan bu ölkəni görməyi arzu edirdim. Ancaq heç zaman düşünməzdim ki, bir gün Hindistanı görə bilərəm. Gördüm. 2001-ci ilin yanvarında Dehliyə getdim. Bir həftəlik. Gedişimin səbəbi Beynəlxalq Mətbuat İnstitutunun 50-ci qurultayına qatılmaq idi.

12. İspaniya: Bu ölkəyə tək səfərim 1999-cu ilin oktyabr ayında oldu. Bir həftə ərzində Madrid və Toledo şəhərlərini gəzib müxtəlig görüşlərdə iştirak etdim. Səfərin təşkilatçısı Avropa Şurası və Madriddə yerləşən Daniel Ortega i Gasset Fondu idi. Keçmiş Sovet məkanında medianın durumunu müşakirə edirdilər. Mən də oraya Azərbaycanla bağlı bir ekspert olaraq dəvət edilmişdim. İnsanları istiqanlıdır. Madridin küçələrində gəzəndə adam özünü Bakıdakı kimi hiss edir.

13. İtaliya: İşimlə əlaqədar olaraq bu ölkəyə on dəfə səfər etmişəm. Səfərlərim 2006-cı və 2007-ci illəri əhatə edib. Ölkəni də, insanlarını da çox sevmişəm. Bununla belə onu da qeyd etməliyəm ki, bəzən Avropadan uzaq bir ölkə təsiri bağışlayır.

14. Kanada: Kanadaya da ömrümdə tək bir dəfə getmişəm. Bu, 1999-cu ilin yayında baş verib. Kanada İnsan Haqları Fondunun yay məktəbində oxumaq üçün öncə Monreal yaxınlığındakı bir şəhərdə, daha sonra isə İnsan Haqları – İnternet kursu üçün Ottavada olmuşam. Diqqətimi çəkən şey bu ölkədə bir fransız şovinizminin olmasıdır. Ən adi yol işarələrinin belə dünyaca qəbul edilmiş ingilis dilində deyil, fransız dilində yazılması məni təəccübləndirmişdi. Orada olarkən bir müəllim ailəsinin qonağı da olmuşduq. Və bizə kabab bişirmişdilər.

15. G.Koreya: Bir dəfə getdiyim və yenə də getmək istədiyim ölkələrdən biri. 2001-ci ilin iyun ayında bu ölkənin başkəndi Seulda Beynəlxalq Jurnalistlər Federasiyasının qurultayı keçirilirdi. Tarixdə ilk Azərbaycanlı olaraq bu qurumun qurultayına qatılırdım. Qürur və məsuliyyət duyurdum. Seul şəhəri isə özünün səliqəsi və möhtəşəmliyi ilə diqqətimi çəkmişdi. Doğrudan da güclü iqtisadiyyat möcüzələr yaradarmış! Ən yaddaqalan hadisələrdən biri qurultayda Quzey Kıbrısla bağlı yunanların ortaya atdığı iddiaya tutarlı cavab verə bilməyim olmuşdu. Bundan başqa Seul Olimpiya Parkının yanındakı 1950-53-cü illər Koreya savaşında şəhid düşən beş min Türk əsgərinin xatirəsinə inşa edilən bulaq heç yadımdan çıxmır.

16. Macarıstan

17. Özbəkistan

18. Polşa: 2004-cü ilin yayında tək bir dəfə səfər etdiyim Polşa mənim üçün çox yaddaqalandır. Bu ölkənin başkəndi Varşavada başçılıq etdiyim Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) adına Azad Media Öncülü mükafatını qəbul etmişdim. Beynəlxalq Mətbuat İnstitutu və Azadlıq Forumunun birgə təqdim etdiyi mükafat ilk dəfə idi ki, Azərbaycana gəlirdi. Qürurluydum. Eyni zamanda böyük bir heyətlə Beynəlxalq Mətbuat İnstitutunun qurultayında və baş məclisində iştirak etmişdim.

19. Qazaxıstan: Azərbaycan qədər sevdiyim və bağlı olduğum daha bir Türk ölkəsi. Buraya üst-üstə dörd dəfə səfər etmişəm. Sonuncu səfərim 2009-cu ilin noyabrında gerçəkləşib. Türk Xalqları Mədəniyyəti Vəqfinin dəvətlisi olaraq “Çağımızda Türk dünyasının aktual problemləri” adlı konfransda iştirak üçün getmişdim. Almatı şəhərində keçirilən toplantıda iki gün boyunca Türk dünyasının problemlərini dartışmışdıq. Oradakı uyğurların diqqət və qayğısı xüsusi olaraq yaddaqalan olmuşdu.

20. Qırğızıstan: Buraya ilk dəfə 2002-ci ilin sentyabrında gəldim. Ayın 19-dan 23-dək ölkənin başkəndi Bişkekdə oldum. Qırğızıstanlı jurnalistlərin həmkarlar ittifaqı qurmaq istiqamətində tədbirlərinə qatıldım, Azərbaycandan olan soydaşlarımızla görüşdüm. Qırğızları çox bəyəndim. Hər necə olsa bura doğrudan da bizə doğma olan qardaş ölkədir.

21. Rusiya: Rusiyaya ilk gəlişim 1988-ci ilin dekabrında olub. Almaniyadan əsgərlikdən qayıdarkən biletimizi o zamankı Sverdlovsk, indiki Yekaterinburg şəhərinə vermişdilər. Bu şəhərə daha sonra da getmək imkanım olmuşdu. Bundan başqa Rusiyanın Kaliningrad, Moskva və Xasavyurt şəhərlərində də olmuşam. Ancaq onu deyim ki, bu ölkə heç vaxt mənim ürəyimcə olmayıb. İnsanları (xüsusən də ruslar) bir qayda olaraq mənə mədəniyyətsiz insan təsiri bağışlayıb. Heç vaxt Rusiyaya səfər arzu etməmişəm.

22. Senegal: Bu ölkəyə səfərim 2002-ci ilin sentyabrında oldu. Buranın başkəndi Dakarda ayın 5-dən 13-dək oldum. Əsas məqsədim Batı Afrika Jurnalistlər Birliyinin və Beynəlxalq Söz Azadlığı Mübadiləsinin toplantılarında iştirak etmək idi. Açığı bura başqa ölkələrdən xeyli fərqlidir. Bir Azerbaycanlını burada görmək isə Afrikalıları təəccübləndirə biləcək bir şeydir. Hər halda mən haradan olduğumu deyəndə bunu hiss edirdim.

23. Serbiya: Serbiyanın başkəndi Belgrada iki dəfə getdim. İlk səfərim 2004-cü ilin mayında oldu. Dünya Mətbuat Azadlığı günü münasibətilə UNESCO burada iki günlük konfrans keçirirdi və məni də Orta Asiya və Güney Qafqaz bölgəsi üzrə ekspert qismində dəvət etmişdilər. O zaman şəhər mənə elə də xoş təsir bağışlamamışdı. Belgrada ikinci səfərim isə 2008-ci ilin yayında baş tutdu. Beynəlxalq Mətbuat İnstitutunun qurultayına qatılmaq üçün dəvət edilmişdim. Fürsətdən istifadə edib Serbiya prezidenti Boris Tadiç, Serbiya şahzadəsi Aleksandr və xanımı Katarina ilə də görüşlərdə iştirak etdim. Bu dəfə Belgrad artıq xeyli dəyişmişdi. Yaxşılığa doğru.

24. Sloveniya

25. Tacikistan

26. Tailand

27. Türkiye: Türkiyə Azərbaycan qədər bağlı olduğum və sevdiyim ikinci bir Türk ölkəsidir. Buraya neçə dəfə gedib gəldiyimin sayını itirmişəm. Ən sonuncu dəfə 2009-cu ilin dekabrında getmişəm. Bir həftəlik səfərim çərçivəsində İstanbul, Bursa və Ankarada gəzdim, xeyli görüşlər keçirdim. Səfərim Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri Baş Təmsilçisi sifətində olduğu üçün özümü daha çox işə həsr etdim. Əlbəttə ki, imkan olduqca bir az da gəzməyə, görməyə çalışırdım.

28. Yunanıstan

29. Ukrayna: Ukrayna torpağına ayağım ilk dəfə 1986-cı ilin oktyabrında dəyib. Almaniyaya əsgər gedərkən Kiyevdəki Borispol hava limanında bir müddət ləngiməli olduq. Sonrakı gedişim isə 2004-cü ilin 15 oktyabrından 30 dekabrınadək çəkdi. Bu ölkədə keçirilən prezident seçkisində uzunmüddətli müşahidə missiyasının üzvü kimi Çerkassı vilayəti üzrə məsul idim. Sevdim bu ölkəni. İnsanlarını sevdim. Bizə qarşı çox istiqanlı və mehribandırlar. Bir daha buralara getmək istərdim.

Oxunma sayı: 20862
Share