PLATFORMA

Azər Həsrətin ideoloji platforması (Yalquzaq platforması)

Bu platforma Azər Həsrətin şəxsi ideoloji fikir bazası olub istənilən insanımız üçün açıq və istifadəsi mümkün bir mənbə kimi nəzərdə tutulub. Platformada dövlət, millət, din, mədəniyyət, mənəviyyat, torpaq və s. kimi məsələlərə yer ayrılıb. Hər bir məsələ eyni dərəcədə önəmli olmaqla bərabər onlara kompleks yanaşmanın tələb edildiyi də unudulmamalıdır. Platforma ilkin variantda təqdim edilir. Bununla belə gələcəkdə fikir dostlarımızın təklifləri də nəzərə alınmaqla onun daha da təkmilləşdirilməsi mümkündür. Hələliksə əqidə dostlarımıza və bizi tanımaq istəyənlərə platformanı aşağıdakı formada təqdim edirik.

Niyə məhz Azər Həsrətin ideoloji platforması (yaxud da Yalquzaq platforması)? Platforma məhz və yalnız Azər Həsrətin şəxsi görüşlərinə əsaslandığına görə, ona “Azər Həsrətin ideoloji platforması” adı verilib. Mümkündür ki, burada yer alan görüşlər başqa insanların da ürəyincə olsun. Ancaq bu o demək deyil ki, Azər Həsrətin görüşlərini içərən ideoloji platforma başqalarının da fikirlərinə əsaslanaraq tərtib edilib. Bir daha vurğulamaq lazımdır ki, bu platforma yalnız və yalnız Azər Həsrətin illər uzunu topladığı təcrübə, araşdırma və gəldiyi şəxsi qənaətlərə əsaslanır. “Yalquzaq platforması” ifadəsinə gəlincə isə deməliyik ki, burada fərdə və onun təkbaşına fəaliyyətlərinə üstünlük verildiyi üçün platforma belə adlanır. Yəni bu platformanı bəyənib qəbul edəcək insanların başqaları ilə birləşib hər hansı birlik yaratmasına, yaxud mövcud birliklərə qoşulmasına gərək yoxdur. Hər kəs bir yalquzaqdır və yalquzaqlar bir qayda olaraq təkbaşına gəzib-dolaşar, istədiklərini edərlər. Bizim platformamız da hər kəsə yalquzaq tipi bir fərd olduğunu xatırlatmaqla bərabər onun təkbaşına çox işlər görə biləcəyini təlqin etmək üçündür.

Dövlət

Hər bir fərd özünün mənsub olduğu dövlətə sədaqətli olmalıdır. İstənilən halda bu dövləti qorumalı, ona qulluq etməli, hakimiyyət başında kimin durmasından asılı olmayaraq hər zaman düşünməlidir ki, bu dövlət mənimdir və ona bir şey olarsa, mənə olmuşdur demək. Buna görə də istər ölkə içində, istərsə də ölkədən kənarda olarkən hər bir fərd özünün bütün davranış və hərəkətləriylə dövlətinə zərər vurmamağı vəzifə olaraq bilməklə bərabər, onun ucaldılması üçün çalışmalıdır. Dövlət üçün hər şeyindən keçməyə hazır olmalı, hər an səfərbər olunmağa hazır əsgər olduğunu unutmamalıdır. Hökumətlər gələr gedər, dövlətsə əbədidir. Dövləti babalarımız bizə miras qoyub, biz də onu özümüzdən sonrakılara ən azından babalarımızın qoyduğu qədər miras qoymağı bacarmalıyıq.

Millət

Hər bir fərd öz milli kimliyini, hansı millətə mənsubluğunu mütləq öyrənib müəyyən etməlidir. Bundan sonra öz millətinə sədaqətini daim qorumalı, onun adına xələl gətirəcək hərəkət və davranışlardan çəkinməlidir. Başqa millətlər sırasında öz millətinin daha layiqli yer tutması üçün əlindən gələn hər şeyi etməli, bunun üçün istənilən vaxt istənilən hərəkətə hazır olmalıdır. Sayğılı davranan digər millətlərə qarşı sayğılı olmaq, düşməm münasibəti seçilənlərlə isə düşmənçilikdən çəkinməməlidir.

Din

Din hər bir fərdin doğuşdan sahib olduğu bir ruh məsələsidir. Hər bir fərd öz dininə daim sayğı duymalı, onun buyurduqlarına uyğun davranmalı, mümkün olduqca dinin gərəktirdiklərini icra etməlidir. Başqa dinlərə tapınanlara da sayğı duymalı, onların icra etdiyi ayinlərə sayğı ilə yanaşmalıdır. Fərdin dinini dəyişməsi insan azadlıqları baxımından yolverilən olsa da Yalquzaq platforması bunu məqsədəuyğun və yolverilən hesab etmir. Çünki din də bir əqidə məsələsidir və əqidəsini dəyişənlərin öz dövlətinə və millətinə sadiq olacaqları şübhə doğurur.

Mədəniyyət

Mədəniyyət hər bir millətin inkişaf səviyyəsinin önəmli göstəricilərindəndir. Hər bir fərd bunu nəzərə almaqla keçmişinə boylanmalı, buraxılmış səhvləri götür-qoy edib onların təkrarlanmaması üçün çalışmalıdır. Yalquzaqlar millətin mədəni səviyyəsinin yüksəlməsi, başqa millətlər arasında daha layiqli yer tutması üçün şəxsi nümunələr nümayiş etdirməlidirlər. Buna görə də hər bir davranış ölçülüb-biçilməli, hətta kimsənin görmədiyi bir yerdə belə atılan addımlara və hərəkətlərə diqqət edilməlidir.

Mənəviyyat

Bu, daha çox bir əxlaq məsələsi kimi başa düşülməlidir. İnsanlar tək olarkən bir özləri, bir vicdanları, bir də Tanrıdan başqa kimsə və nəsə onları müşayiət etmir. Belə hallarda bir çoxları bəd əməllərə yol verməkdən çəkinmir, insanların görə biləcəyi yerdə etmədikləri hərəkətləri edirlər. Yalquzaqlar isə belə davranışlardan uzaq olmalıdır. Hamının gözü qarşısında edə biləcəyiniz hərəkətləri tək olduğunuz zaman da edin. Bəzi istisna halları çıxmaq şərtilə (təbii tələbatlar və s.) insanların gözü qarşısında etməkdən çəkindiyiniz hərəkətləri heç zaman gizlində də etməyin.

Torpaq

Yalquzaqlar üçün torpaq bir namus məsələsidir. Bizə miras olaraq buraxılmış torpaqları hər birimiz qorumağa və gələcək nəsillərə ötürməyə borcluyuq. Ona görə də vətəndaşı olduğumuz dövlətin və sahibi olduğumuz ölkənin torpaqlarının bütünlüyünün qayğısına qalmalıyıq. Mümkündür ki, ətrafımızda kimlərsə torpağa biganə yanaşsın. Bu heç də o demək deyil ki, yalquzaqlar da onlara baxıb eyni münasibət sərgiləməkdə haqlı sayıla bilərlər. Torpaq ona sahib olmağı bacaranlarındır.

Davamı olacaq…

Oxunma sayı: 23132

1 Comment to "PLATFORMA"

  1. hayat semi's Gravatar hayat semi
    12 September 2010 - 0:13 - 00:13 | Permalink

    beyenilsin…