Soyadların milliləşdirilməsi ilə bağlı Milli Məclisin 2 fevral 1993-cü ildə qəbul etdiyi qərar bu işi yetərincə asanlaşdırır. Yeni doğulan uşaqlara heç bir çətinlik çəkmədən milli sonluqlu soyad qoya bilərsiniz. Bundan başqa –ov, -yev sonluqlu soyadlardan da qurtulmaq çətin deyil. Bunun üçün doğum haqqında şəhadətnamə ilə nikah şəhadətnaməsini (evlilər üçün) götürüb qeydiyyatda olduğunuz rayonun Vətəndaşlıq Vəziyyətləri Aktlarının Qeydiyyat idarəsinə (VVAQ) getmək lazımdır. Heç bir ödəniş etmədən və dirənişlə üzləşmədən soyadınızın sonluğunu Milli Məclisin qərarında göstərilən kimi dəyişdirə bilərsiniz. Bundan sonra isə adi qaydada şəxsiyyət vəsiqənizi dəyişməklə işi bitirmiş olacaqsınız. Sadəcə bir az vaxt və bir az milli təəssübkeşlik yetər ki, bu işi tez bir zamanda həll edəsiniz.
Ümidlərlə: Azər Həsrət
Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı
1.Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zade”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ile əvəz edə bilərlər.
2.Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər.
Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmasın.
Azərbaycan Respublikası Ali Sovetinin sədri İ.Qəmbər
Bakı şəhəri, 2 fevral 1993-cü il. #495.
Oxunma sayı: 15


